Asif Əsgərov UEFA-nın komitəsinin iclasında iştirak edib

Azərbaycan çempionu “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov UEFA-nın komitəsinin iclasında iştirak edib.

Arena.az xəbər verir ki, Ağdam klubunun rəsmisi UEFA-nın Klub Yarışların Təşkili Komitəsinin növbəti iclasına qatılıb.

Tədbir İngiltərənin paytaxtı Londonda keçirilib. Əsgərovun üzvü olduğu komitənin toplantısında 2024-2027-ci illərdə keçiriləcək yarışlarla bağlı media, kommersiya satışlarındakı yeniliklər müzakirə olunub. Komitə üzvləri avrokuboklara qatılmayan klublara maliyyə yardımı, qonaq komandalara ayrılan biletlərin maksimal qiyməti barədə fikir mübadilələri aparıblar. Yığıncaqda turnirin qalibinin öz ölkəsinə əlavə yer qazandırdığı vaxt klub bölgüsünün yenidən balanslaşdırılması məsələləri müzakirəyə çıxarılıb.

Əsgərovun qatıldığı tədbirdə DÇ-2026 və klublararası DÇ-2025-in digər turnirlərə, həmçinin komandalara təsiri ilə bağlı müzakirələr də aparılıb. Tədbir iştirakçıları yeni sponsorlarla iş prosesinin gedişi, təsdiqlənmiş və davam edən tərəfdaşlarla danışıqların aparılması prosedurları ilə tanış olublar.

Qeyd edək ki, Asif Əsgərov komitənin digər üzvləri ilə birlikdə Çempionlar Liqasının “Uembli”də keçirilədək “Borussiya” (Dortmund, Almaniya) – “Real” (Madrid, İspaniya) oyununu izləyəcək. O, UEFA-nın final oyununa dəvət etdiyi ali qonaqlar arasındadır.

Xəbəri sosial şəbəkələrdə paylaş: