Asif Məmmədov – Cari mövsümün ən yaşlı futbolçusu!

“Qəbələ”nin kapitanı Asif Məmmədov Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə meydana çıxan ən yaşlı futbolçuya çevrilib.

Arena.az xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqanın 13-cü turunda “Zirə” ilə oyunda iştirak etməklə bu göstəriciyə imza atıb.

Qarşılaşmanın 83-cü dəqiqəsində Yaovi Akakponu əvəzləyən Asif cari mövsümdə ilk matçını keçirib. O, 37 yaş 98 günündə oynamaq şansı qazanıb.

“Qəbələ”nin kapitanına qədər mövsümün ən yaşlı futbolçusu “Kəpəz”in 35 yaşlı müdafiəçisi Vurğun Hüseynov idi. “Zirə”nin qapıçısı Anar Nəzirov və onun “Turan Tovuz”dakı həmkarı Kamal Bayramov bu mövsüm Peşəkar Futbol Liqasında qeydiyyatdan keçən ən yaşlı futbolçulardır. Lakin onlar hələ heç bir görüşdə iştirak etməyiblər.

Xatırladaq ki, “Zirə” – “Qəbələ” oyunu birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Asif Məmmədov 2015-ci ildən “Qəbələ”də çıxış edir. O, 2007-ci ildə də yarım mövsüm bu klubun uğurları üçün çalışıb. 37 yaşlı futbolçu indiyə qədər əyalət təmsilçisində 215 oyuna çıxıb. O, bu görüşlərdə 11 qol və 30 məhsuldar ötürmə müəllifi olub. Azərbaycan yığmasında da oynamış Məmmədov “Şamaxı”, “Xəzər Lənkəran”, “MKT-Araz” kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: