“Neftçi”nin yetirməsi, geridə qalan mövsümü “Şamaxı”da keçirmiş müdafiəçi Asim Əlizadə özünə yeni iş yeri tapıb.
Arena.az saytının əldə etdiyi məlumata görə, 23 yaşlı futbolçu qarşıdakı mövsümü Birinci Liqada keçirəcək “İrəvan” klubu ilə anlaşıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
Xatırladaq ki, Asim Əlizadə 2022-ci ilin iyul ayında “Neftçi”dən ayrılaraq “Şamaxı” ilə müqavilə bağlamışdı. Mərkəz müdafiəçisi ötən mövsüm bu komandada cəmi 10 oyuna çıxıb. “Şamaxı” da yeni mövsümü Birinci Liqada keçirəcəyi üçün futbolçu “İrəvan”dan aldığı təklifi üstün tutub və bu komandaya keçib.
Asim yetirməsi olduğu “Neftçi”nin əsas komandasında 3 oyun keçirib. O, 2022-ci ildə icarə əsasında Latviyanın “Dauqavpils” klubunda da icarədə olub. Müdafiəçi bu komandada 9 matça çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.


