Ataa Caber və Kilan Lebon “Neftçi”dən ayrılır – Milliyə görə

“Neftçi”nin legioner futbolçuları – Ataa Caber və Kilan Lebon ölkələrinin milli komandalarına dəvət alıblar.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarımmüdafiəçi Ataa Caber Fələstin milli komandasına dəvət alıb. 29 yaşlı futbolçu yığmanın heyətində dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinin oyunlarında iştirak edə bilər. Fələstin millisi noyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərində Livanla, ayın 21-də isə Küveytdə Avstraliya yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, Caber Fələstin milli komandasının heyətində 4 oyun keçirib. O, 2022-ci ilin iyul ayından formasını geyindiyi “Neftçi”də 53 oyun keçirib, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

“Ağ-qaralar”ın digər yarımmüdafiəçisi Kilan Lebon da Sent Martin milli komandasına dəvət olunub. 26 yaşlı futbolçu yığmanın heyətində noyabrın 13-dən 21-nə qədər keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb.

Qeyd edək ki, Kilan Sent Martin milli komandasının heyətində 2 oyunda meydana çıxıb. O, bu ilin yanvarından formasını geyindiyi “Neftçi”də 35 oyuna 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: