Atayev: “Hər qələbə psixoloji baxımdan əlavə üstünlük qazandırır”

Futzal üzrə Azərbaycan millisinin üzvü İsa Atayev federasiyanın rəsmi saytına açıqlama verib. Arena.az xəbər verir ki, Avropa çempionatının final mərhələsində iştirak edəcək yığmamız dekabrın 18-də və 19-da beynəlxalq yoxlama oyunları keçirəcək.

Ukrayna yığması ilə üz-üzə gələcək millimiz artıq hazırlıq prosesinə başlayıb, dünən isə matçın keçiriləcəyi məkanda parket üzərinə çıxıb. Atayev hazırlıq prosesi və rəqiblə bağlı bunları söyləyib:

“Hazırlığa yaxşı başlamışıq. Komandada atmosfer yaxşıdır. Çalışırıq baş məşqçinin tələblərini yerinə yetirək. Joze Alesionun əsas istəyi nizam-intizama riayət etməkdir. Məşq prosesində də buna diqqət edirik.

Dünən oyunun keçiriləcəyi FHN-in İdman-Sağlamlıq mərkəzində məşq etdik. İlk dəfə idi bu zalda məşqə çıxırdıq. İdman qurğusu, şərait haqda ancaq yaxşı sözlər söyləmək olar. Doğma meydanda oynamağın da bu kimi avantajı var.

Ukraynaya gəldikdə, rəqibimiz də bizim kimi Avropa çempionatının final mərhələsinə hazırlaşır. Bu komanda ilə bir neçə dəfə qarşılaşmışıq. Avropanın güclü kollektivlərindən hesab edilirlər. Ən əsası, onlar sabit çıxışları ilə seçilirlər. Final mərhələsində də daim iştirak etmələri bunun göstəricisidir. Heyətləri açıqlanıb, 3 futzalçı daha çox tanışdır. Söhbət təxminən 1 ay əvvəl qarşılaşdığımız “Uraqan”ın üzvlərindən gedir. Bilirsiniz ki, “Araz” (Naxçınan) Çempionlar Liqasının əsas mərhələsində həm də Ukrayna çempionu ilə üz-üzə gəlmişdi. Həmin klubun 3 futzalçısı bu gün Ukrayna millisinin heyətində yer alır.

Əlbəttə, yoxlama oyunlarında nəticədən çox komandanın hazırlıq durumu yoxlanılır, səhvlər aşkarlanır. Demirəm nəticə heç kimi maraqlandırmır. İstənilən oyunda qələbə psixoloji baxımdan əlavə üstünlük qazandırır. Həm qələbə qazanmalı, həm də Avropa çempionatının final mərhələsinə hazırlığımızı yoxlamalıyıq. İnanıram ki, istədiyimizi əldə edəcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: