Avrokubok oyunları Azərbaycanın iki telekanalında yayımlanacaq

2023/2024 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları Azərbaycanın iki telekanalında yayımlanacaq.

Arena.az xəbər verir ki, azarkeşlər avrokubok matçlarını “CBC Sport”la yanaşı, İTV-dən (İctimai TV) də izləyə biləcəklər.

Bu barədə İTV-dən məlumat verilib. “Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı “CBC Sport”la əldə olunan razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçiriləcək görüşlər İTV-nin canlı efirində təqdim olunacaq. Anlaşmaya əsasən, hər oyun həftəsində 3 qarşılaşma İTV-də yayımlanacaq.

Artıq bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa) görüşünü İTV-dən izləmək mümkün olacaq. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: