“Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev komandasının 2023/2024 mövsümünün qalan hissəsinə hazırlığını dəyərləndirib.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Təlim-məşq toplanışı normal keçir. Hazırlıq müddəti elə də uzun deyil, lakin müəyyən yükləmələr olur. Artıq təlim-məşq toplanışında bir yoxlama oyunu keçirmişik”.
O, bu gün növbəti yoxlama matçına çıxacaqlarını xatırladıb: “İlk oyunda hamı əlindən gələni etdi. Yoldaşlıq matçı olsa da, futbolçuların oyunundan bəlli olurdu ki, hər kəs futbol üçün darıxıb. Baxmayaraq ki, o qədər uzun fasilə olmayıb. Hamı meydanda əlindən gələni etdi. Futbolçularda böyük istək, arzu hiss olunurdu. Oyun keyfiyyəti baxımından da məncə, yaxşı təsir bağışladıq. Əsas odur, qalib gəldik. Qələbə istənilən halda həmişə xoşdur. Bəsit qollar buraxmaqla bağlı səhvlərimizi aradan qaldırsaq, əminəm ki, hər şey yaxşı olacaq”.
Ayaz Quliyev bildirib ki, rəqibin düşünülmüş, kombinasiyalı hücumundan çox az qol buraxıblar: “Öz səhvlərimizdən isə qapımızda çox qol görmüşük. Düşünürəm ki, bu da ola bilsin, konsentrasiya ilə bağlıdır. Hər birimiz matçın 90 dəqiqəsi ərzində oyuna maksimum köklənməni qoruyub saxlamalı, bunu itirməməliyik. Bunları düzəltsək, yaxşılaşdırsaq, fikrimcə, itirilən xallar minimum olacaq”.
Xatırladaq ki, “Sabah” bu gün Türkiyədəki hazırlıq prosesi çərçivəsində Ukraynanın “Vorskla” komandası ilə qarşılaşacaq. Bu oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək. “Bayquşlar” Antalyadakı təlim-məşq toplanışı çərçivəsindəki ilk sınaq matçında Rumıniyanın “Rapid” komandasına 1:0 hesabıyla qalib gəlmişdilər.


