Türkiyənin “Kasımpaşa” klubunun hücumameyilli yarımmüdafiəçisi Ayron Qomis bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Zirə”nin mətbuat xidmətinə istinadən xəbər verir.
Əslən Seneqaldan olan fransalı yarımmüdafiəçi Azərbaycan klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Zirə”yə azad agent kimi keçib. Buna Qomisin “Kasımpaşa” ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdirməsi imkan yaradıb.
Ayron Qomis Fransanın “Amyen” klubunun yetirməsidir. O, Fransanın digər klubu “Dünkerk”də də çıxış edib. “Kasımpaşa” Ayronu 2023-cü ilin yayınd azad agent kimi heyətinə qatmışdı. Yarımmüdafiəçi Super Liqa klubunun əsas komandasında 24 oyuna çıxıb, 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub. O, ötən mövsümün ikinci dövrəsini də “Salernitana”da icarədə keçirib. Qomis İtaliya klubunda da fərqlənə bilmədiyi 5 oyunla yadda qalıb.
Xatırladaq ki, “Zirə” daha öncə Martins Junior (“Kəpəz”), Ange Mutsinzi (“Jerv”, Norveç), Georgi Papunaşvili (“Kəpəz”) və Davit Volkov (“Sabah”) kimi legionerləri də heyətinə qatmışdı. Yerli oyunçulardan isə Fuad Bayramov (“Şamaxı”), Aydın Bayramov (“Turan Tovuz”), Elçin Əlicanov (“Kəpəz”), Rüstəm Əhmədzadə (“Qarabağ”, icarə) və İsmayıl İbrahimli (“Qarabağ”, icarə) bu komandaya cəlb olunub.
“Zirə” bu yay Qismət Alıyev və Anar Nəzirovla da yeni müqavilə bağlayıb. Vladislav Kulaç, İlkin Muradov, Sezar Meza Kolli, Dimitrios Çantakias, Rəhim Sadıxov, Luka Quqeşaşvil və Məmməd Hüseynovla da yollarını ayırıb.


