Ayxan Abbasov: “Azərbaycanda hamı avrokuboklara getmək istəyir”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Səfərdə qələbə qazanmaq möhtəşəm idi. Ötən tur biz də məğlub olmuşduq, “Sabah” da. Bilirdik ki, rəqib ardıcıl iki oyunda məğlub olmaq istəməyəcək. Bu gün futbolçularım soyuqqanlı oynadılar. Bir daha əmin olduq ki, çempionat gərgin keçəcək. Çalışacağıq ki, milli fasilədən səmərəli istifadə edək. “Səbail”ə məğlub olandan sonra rəhbərlik arxamızda durdu. Onlara təşəkkür edirəm. İşimizə davam etməliyik”.

Ayxan Abbasov komandasının hədəfləri barədə sualı belə cavablandırıb:

“Hədəfimiz “Turan Tovuz”u iddialı komanda etməkdir. Amma bunun üçün bir il kifayət deyil. Azərbaycanda hamı avrokuboklara getmək istəyir. Bu gün 6-7 transfer edirik, elə bilirik ki, hazırıq. Ehtiram Quliyev bildirib ki, biz klub olmaq istəyirik. Klub olmaq üçün bütün sahələr inkişaf etməlidir. Hədəfimiz hər oyunda uduzmamaqdır. Reallıqlar var. Oturuşmuş komandalar avrokuboklar uğrunda oynayırsa, bizim bu gün bunu deməyimiz düzgün olmaz. Klubun daxilində möhtəşəm ab-hava var. İnanıram ki, bu çətin yolu birlikdə addımlayacağıq”.

“Niyəsə, “Sabah” hamı üçün əsas motivasiya mənbəyidir”

“Sabah”ın baş məşqçisi Murad Musayev isə gözlənilməz darmadağını belə şərh edib:

“Demək olar ki, iki standart vəziyyət oyunun taleyini həll etdi. Oyuna daha çox nəzarət edən tərəf olsaq da, təhlükəli yerlərdə top qəbul edə bilmirdik. Nəticədən məmmun deyilik. İşləməyə davam edəcəyik. Özümüzə gəlmək üçün nə qədər vaxt lazım olduğunu deyə bilmirəm. Bəli, bizə pauza lazımdır. Qarşıdakı fasilənin bizə xeyri olacaq. Buraxdığımız səhvləri təhlil edəcəyik. Ola bilər ki, 1-2 transfer edilsin. Milliyə gedənlərdən sonra 10-12 nəfərlə nələrisə düzəltməyə, yaxşılaşdırmağa çalışacağıq.

“Turan Tovuz” çox sərt oynayırdı. Bu gün başqa cür oynaya bilməzdik. Bu məğlubiyyətə görə indi kimisə günahlandırmaq doğru olmazdı. Yusif İmanov ötən mövsümü yaxşı keçirib. Gəncdir. Uduzanda mən baş məşqçi başda olmaqla hamımız uduzuruq. Hamımız səhv edirik.

Coy-Lens Mikelsin gedişi bizim üçün gözlənilməz oldu. Bu, mövsümün gedişində baş verdi. Biz də buna hazır deyildik. Bu üzdən həmin mövqeyə heç kimi götürməmişik. Hazırda onun yerinə nominal yarımmüdafiəçi oynadırıq. Transfer gözləyirik. Eyni profilli cinah futbolçusu aldıqdan sonra ola bilər ki, vəziyyət düzəlsin.

“Sabah”a qarşı hamı elə oynayır ki, sanki həyatlarının ən vacib matçıdır. “Turan Tovuz”un ötən turdakı oyunu ilə bu matçı müqayisə edin. Ölməyə hazır idilər. Bütün rəqiblər bizə qarşı belə oynayır. Nəyə görəsə, “Sabah” hamı üçün əsas motivasiya mənbəyidir. Amma heç nə olmaz, sakitləşmək lazımdır. Yalnız işləməklə bunun öhdəsindən gələ bilərik.

Ayaz Quliyev hələ forma yığmalıdır. O, çoxdandır ki, oynamır. İki-üç il əvvəl parlaq çıxış edən Ayazı geri qaytarmaq istəyirik. Milli komandalara görə verilən fasilədə işləyəcəyik. Çalışacağıq ki, fiziki durumunu yaxşı vəziyyətə gətirək. Ayazın da bizə kömək edəcəyinə inanıram”.

Xəbəri sosial şəbəkələrdə paylaş: