“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 11-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun oldu. Hər iki komanda üçün vacib oyun idi. Bilirdik ki, “Kəpəz” sonuncu pillədən qurtulmaq üçün daha da motivasiya ilə mübarizə aparacaq. Neçə oyun idi evdə qələbə qazana bilmirdik. Azarkeşlərimizin qarşısında qələbə qazanıb onları sevindirmək istəyirdik. Turnir cədvəli də həqiqətən çox gərginləşib. Bu qələbəyə ehtiyacımız var idi. İkinci hissədə açıq futbol getdi. Çempionat başlayandan çox epizodlar qaçırmışdıq. Bu gün fürsətləri qola çevirə bildik. Komandamı təbrik edirəm. Bundan sonra daha çətin olacaq”.
Ayxan Abbasov matçın sonlarında gənc futbolçu Cavid Qasımova Premyer Liqada debüt şansı yaratmasından da söz açıb:
“Sevindirici hal odur ki, bu gün akademiyamızın yetirməsinə debüt üçün şans yaratdıq. 18 yaşlı Cavid Qasımov bu gün ilk oyununa çıxdı. Akademiya məşqçilərinin, işçilərinin hamısını təbrik edirəm. Bu, onların əməyinin nəticəsidir. Biz də çalışdığımız qədər gənc futbolçulara motivasiya vermək üçün belə addımlar atacağıq. Rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm. Qarşıdan çətin oyunlar gəlir. Bu oyunlara hazırlaşacağıq”.
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə 4 cavab qolla uduzduqları matçı belə şərh edib:
“Danışılası çox şey yoxdur. Çünki bu cür məğlubiyyət oyun haqqında çox nəsə danışmağa imkan vermir. Uduzmuşuq, analiz etməliyik, harda səhv etdiyimizə baxmalıyıq. Rəqib qələbəyə layiq idi. Əsasən də ikinci hissədə sərgilədiyi oyuna görə”.


