“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 6-cı turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyunun belə gərgin keçəcəyini bilirdik. Çünki, hər iki komandaya xal lazım idi. Heç kim uduzmaq istəmirdi. Böyük üstünlük əldə etdik. Təəssüf ki, bir neçə dəqiqəlik futbolçularımızda konsentrasiya aşağı düşdü. Bu gün çoxlu qol epizodlarımız oldu. Oyunun qəhrəmanı rəqibin qapıçısı idi. Məni sevindirən odur ki, futbolçular istədiklərimizi edə bilir, epizodlar yaradırlar. Bunu davam etdirmək lazımdır. Çempionatda hər xal önəmlidir. Yolumuza davam edəcəyik.
Əlbəttə, 0:2-dən sonra rəqib hesabı bərabərləşdirirsə, deməli, səhvlərimiz var. Oyunu sakitləşdirməli, daha təmkinli olmalı idik. Rəqib də hücum xəttində iki dəyişiklik etdi. Müdafiəçilərimizin yorğunluğundan istifadə etdilər.
Belaydi Pusi qol vurandan sonra aqressiv davrandı. Buna görə mən də ona iradımı bildirdim. Elə anlarda daha sakit olmaq lazımdır. İkinci sarı vərəqəni ala bilərdi”.
“Dedim ki, oyunu kişi kimi idarə et”
“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov isə əzmkar heç-heçəyə nail olduqları və texniki zonadan qovulduğu matçla bağlı bunları dilə gətirib:
“Çox çətin oyun oldu. Matça yaxşı hazırlaşmışdıq. “Turan Tovuz” yaxşı oyunlar keçirib, üst pillələrdədir. Bilirdik ki, necə rəqibə qarşı oynayacağıq. Komandanı görüşə yaxşı kökləmişdik. İlk hissədə o qədər də yaxşı oynamadıq. İkinci hissədə özümüzdə güc tapıb hesabı 0:2-dən 2:2-yə gətirdik. Süni meydanda oynamaq çətin idi. Komandamız əlindən gələni etdi. Belə bir oyunda heç-heçə pis nəticə deyil.
Futbol emosiyalar oyunudur. İnsan özündən çıxa bilər. Hakimlər bir az səbrli olmalıdır. Biz iradımızı bildiririk. Etiraz edən kimi ikinci sarı vərəqəni verirlər. İstərdim ki, bu məsələdə hakimlər bir az diqqətli olsunlar. Orada söyüş olmayıb. Yalan danışmaram heç vaxt. Etiraz etdim. Dedim ki, oyunu kişi kimi idarə et. Omar Haninin epizodunda təmiz cərimə var idi, vermədi. Ona bildirdim ki, cərimə zərbəsi təyin etməliydin”.


