“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Təəssüf ki, ilk yarıda rəqib iki-üç hücum etdi, ikisi qapımızda qolla yekunlaşdı. Fasilədə futbolçulara oyunu davam etdirmək lazım olduğunu dedim. Sağ olsunlar, ruhdan düşmədilər, geri dönüş etdik. “Qəbələ” ilə oyundan sonra futbolçularıma ən böyük iradım o idi ki, geridönüş edə bilmirik. Bu, məni məyus edir. Komandamın xarakterinə bələdəm. Həftə boyu da yaxşı hazırlaşmışdıq. Qələbə də qazana bilərdik. Çox güc sərf etdik. Azarkeşlər komandamıza ruh verdilər. Bir xal çətin durumda uşaqlara inam gətirəcək.
“Sumqayıt” kompakt müdafiə olunurdu. Qol buraxmaq istəmirdilər. Hazırda çempionatın ən yaxşı formada olan komandasıdır. Son beş oyunda uduzmayıblar. Bunları bilirdik. “Sumqayıt” kimi komanda ilə oyunda bu qədər qol fürsəti əldə etmək o qədər də asan deyil”.
Baş məşqçi qapıda Tərlan Əhmədli ilə Aydın Bayramova yox, veteran Kamal Bayramova şans verməsinə də aydınlıq gətirib: “Tərlan və Aydın çox potensiallı qapıçılardır. Bu gün bizə bir az psixoloji möhkəmlik lazım idi. Çünki ardıcıl səhvlər, məğlubiyyətlər bizi sıxır. Mövsümün əvvəlində də qapıçılar haqda danışarkən, demişdim ki, üç qapıçımıza da birinci kimi baxırıq. Yayda Kamal Bayramovun çox yaxşı performansı olmuşdu. O, komandamızın kapitanıdır. Futbolçuları da arxasınca aparmağı bacarır”.
“Altı ay üçün futbolçu transfer etmək istəmirik”
Abbasov bu oyunda zədə alan adaşı Ayxan Hüseynovun durumuna da toxunub: “Ayxan oyuna çox yaxşı daxil olmuşdu. Bütün hücumlar da ondan gedirdi. Ayağı burxulub. Bu dəqiqə heç kimi itirmək istəmirik. Qarşıda oyunlar çoxdur. Artıq çəkisi yoxdur. Onu daim kontrolda saxlayırıq. Ümumən bədən quruluşu elədir ki, kök görünür. Çox istəyirik ki, bir az arıqlasın. Ayxan potensiallı futbolçudur, ona inamımız böyükdür”.
Ayxan Abbasov mövsümə çox yaxşı başlamış Martin Petkovun sonradan “sönməsini” isə belə izah edib: “Petkov potensiallı futbolçudur. Zədəsi oldu və özünə aid problemləri də var. Biz onun yanındayıq. İnanın ki, Martin özünə yavaş-yavaş gəlməyə başlayır. Bir ara çox pis idi. Gəncdir. Düzdür, altı ay legioner həyatı yaşayıb. Amma ona uyğunlaşma prosesində kömək etməliyik. Hər zaman istəyirik ki, komandada rəqabət olsun. Belə matçlarda bir hücumçu da olsa, meydana buraxardım. İlboyu hər oyunçunun enişi, yüksəlişi olacaq. Futbolçu robot deyil ki, hər zaman stabil oynasın. Yəqin ki, rəhbərliklə oturub ümumi müzakirə edəcəyik. Turnir cədvəlinə və imkanlarımıza baxacağıq. Zədəlilərimiz də var, onlar da özünə gəlməlidir. İstədiyimiz futbolçunu tapa bilsək, müzakirə edəcəyik. Altı ay üçün futbolçu transfer etmək istəmirik”.
“Bütün kollektivlər avrokuboklara düşmək istəyir”
“Sumqayıt”ın məşqçisi Mübariz Orucov isə qələbəni əldən verdikləri oyundan sonra bunları dilə gətirib:
“Zədəli oyunçularımız var deyə, rotasiyalar edə bilmirik. Bəzi oyunçularımıza çox güc düşür. Çətin səfər idi, yol amili də var idi. Bütün çətinliklərə baxmayaraq, ikinci hissənin ilk 10 dəqiqəsini çıxmaq şərtilə komanda yaxşı oynadı. Komandadan razı qaldıq. Düzdür, qələbə qazanmaq istəyirdik, amma 3 xal əlimizdən çıxdı. Bir xala da şükür. İkinci hissənin ilk 10 dəqiqəsində konsentrasiyanı itirdik. Rəqibin də təzyiqi sözünü dedi. Diqqətsizlikdən iki qol buraxdıq. Amma sonradan komanda yenidən toparlandı. Günahkar axtarmağa ehtiyac yoxdur. Səhv olubsa, hamımızındır. Komanda pis oynamadı, normal çıxış etdi. İkinci hissənin əvvəlində niyə elə zəif oynadığımızı oyuna analiz edəndə müəyyənləşdirməyə çalışacağıq. Hansı səhvlər etdiyimizi görəcəyik. Soyuq başla hamısını analiz edəcəyik.
Komandanın yaxşı futbol oynamasını, yaxşı yerlərdə olmasını istəyirik. Zaman keçdikcə, komanda öz oyununu tapdıqca, əlbəttə ki, bütün kollektivlər avrokuboklara düşmək istəyir. Amma indidən bu barədə danışmaq çox tezdir. Cəmi 15 tur geridə qalıb. Turnir cədvəlində də xal fərqləri çox deyil. Bir-iki oyunda uduzanda, 7-8-ci pilləyə yuvarlanmaq mümkündür. Artıq qış fasiləsi barədə düşünmürük desəm, yalan olar. Kimlərlə müqavilənin müddəti uzadılmayacaq, o haqda da fikirləşirik. Hansısa mövqelərdə çətinliklərimiz varsa, aradan qaldırmağa çalışacağıq. Ölkə xaricində toplanış keçmək fikrimiz var. Qeyri-adi bir şey olmasa, xaricə yollanacağıq”.


