“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 36-cı turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çempionat bitdi. Darıxacağıq. Gərgin mövsüm keçdi. Son oyunu qələbə ilə başa vurmaq istəyirdik. Qərb derbisi idi. Bu oyunlar tarixdə qalır. Futbol baxımından rəqibdən üstün idik. Qol epizodlarını boşa verdik. Bu gün futbolçularım müdafiədə də yaxşı oynadılar. İki ildir burada yaxşı işlər görürük. Daha da yaxşı olması üçün çalışacağıq. Ötən il bəlkə də bu qədər xalla avrokuboklara vəsiqə qazanmaq ehtimalı var idi. Daha yaxşısı üçün çalışmalıyıq.
Çempionat gedişində də heyətlə bağlı beynimizdə müəyyən fikirlər var idi. Amma yenə də son oyunu gözləyirdik. Heyətdə dəyişikliklər olacaq. Rəhbərliklə görüşümüz olacaq. Futbolçu göndərmək asandır, gətirmək isə çətin”.
Ayxan Abbasov komandanın gələn mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağını da söyləyib:
“Avrokuboklara qatılmağı bu il də istəyirdik. Gələn il qarşımıza avrokuboklara vəsiqə qazanmağı məqsəd qoyacağıq. Amma rəqiblərdən də çox şey asılıdır. Bu il avrokuboklara gedən komandaların təcrübəsi, oturuşmuş heyəti var. Biz də çalışırıq ki, belə möhkəm komanda yığaq. Tovuz azarkeşləri çılğındır. Sabah burada “Barselona” ilə oynasaq, yenə udmağımızı istəyəcəklər. Bu, yaxşıdır. Biz də onları sevindirməyə çalışırıq. Addım-addım getmək lazımdır. Hansı klublar tələsirdi, bu gün çempionatda yoxdur. Bölgələrdə bünövrəni çox möhkəm qurmaq lazımdır. Əsas komanda ilə kifayətlənmək olmaz. Bunlar olmasa, uğur müvəqqəti olacaq. İki illik təcrübəmiz var. Gələn il daha yaxşı olmaq üçün çalışacağıq. Bizim inkişafımız üçün çox şey lazımdır. Azərbaycandan kənara çıxanda görürük ki, çox geridəyik. Bakıda 5-6 meydança var, onları da sökürlər. Bu o deməkdir ki, futbol olmasın. Uğursuz olan kimi məşqçini göndərirlər. Nə qədər məşqçini göndərəcəklər? Aşağıdan başlamalıyıq. İlk olaraq klublar meydançalar salmalıdır. Bundan sonra mütəxəssis axtarmalıyıq”.
“Nianedən başqa gedəcəyini deyən olmayıb” – Adil Şükürov
“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının son oyundakı məğlubiyyətinə belə şərh verib:
“İlk növbədə “Kəpəz” azarkeşlərinə təşəkkür edirəm. Bizə azarkeşlik edən hər kəsə minnətdaram, sona qədər dəstək oldular. Gücümüz çatan qədər oynamağa çalışdıq. Böyük itkilərimiz var idi, bir çox futbolçumuz bu gün oynamırdı. Lakin sevindirici məqamlar oldu. Onları əvəzləyənlər də verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. İki cavan futbolçumuzu meydana buraxdıq. Həmin uşaqlara böyük ümid bəsləyirəm. Hər birinə də uğurlar arzulayıram.
Biz komandanı götürdüyümüzdən bu yana istədiyimiz çox şeyləri gördük. Bu futbolçularla istədiklərimizə nail olduq. Hədəfimiz odur ki, komandada olanların əksəriyyətini saxlayaq. Daha da güclənib, daha yaxşı yerlər uğrunda da mübarizə aparmaq niyyətindəyik. Bunun üçün də komandaya maliyyə dəstəyi lazımdır. İstəyirik ki, “Kəpəz”ə maliyyə dəstəyi olsun. Gəncə təmsilçisi yüksəklərdə olmağa layiqdir. Futbolçularımızın əksəriyyətini saxlamaq niyyətindəyik. Təbii ki, gedənlər olacaq. İstəmədiyimiz futbolçu yoxdur. Adama Nianenin müqaviləsi bitib. Bildiyim qədərilə onun özü başqa kluba keçmək istəyir. Buna etiraz etmirik. Nianeden başqa heç bir futbolçu ilə bağlı müraciət olunmayıb. Bu futbolçularla dibdən başladıq. Onlarla ayaq üstə qaldıqsa, elə onlarla da davam etmək istəyirik.
Digər futbolçularla danışmışıq. Hər biri də ilkin olaraq bildiriblər ki, bizdən cavab gözləyəcəklər. Məhz bundan sonra digər klublarla danışıq aparacaqlar. Amma birinci bizimlə danışacaqlar. Bu, əksər legionerlərimizə, yerli futbolçularımıza aiddir. Ümidliyik. Maliyyə durumu nə yerdə olacaq, maraqlanmalıyıq. Federasiyadan ayrılacaq maliyyəni bilməliyik. Ondan sonra isə əlavə maliyyə dəstəyi olsa, nə yaxşı. Olmasa, ona uyğun işimizi quracağıq”.


