“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 20-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Mühüm qələbədir. Evdə seriyamızı davam etdirmək istəyirdik. Ağır oyundan gəlmişdik. Bu gün futbolçular ilk dəqiqələrdən xarakter göstərdilər. İstədəyimiz hücumlar oldu. Rəqibin boşluqlarından düzgün istifadə etdik. İkinci hissədə oyun bir az dəyişdi. Futbolçularım uduzmaqdan qorxurdular. Bu da normaldır. Ötən oyunda baş verən hadisələr onlara təsir edib.
Futbolçularıma “Səbail”ə bu mövsüm iki dəfə məğlub olduğumuzu demişdim. Həmişə istəyirəm ki, bütün komandalardan xal ala bilək. Bu gün ümumi durum bizi motivasiya edirdi. Çünki, azarkeşlərimizi sevindirmək istəyirdik.
Belə oyunlar vacibdir. “Səbail” yaxşı rəqibdir. Mövsüm davam edir. Maraqlı çempionatdır. Alt pillələrdən uşzaqlaşırıq, yuxarıya yaxınlaşırıq. İlk günlə bugünkü “Turan Tovuz” arasında çox fərq var”.
Son turlarda hakimlikdən narazılıq edən Ayxan Abbasov “Səbail”lə matçdakı idarəçilikdən razı qaldığını söyləyib: “Çətin oyun idi. Rauf Allahverdiyev öhdəsindən gəldi. Mübarizə çox idi. Hakim yaxşı olanda, həmişə oyundan sonra demişəm. Bizim istədiyimiz odur ki, düzgünlük olsun, oyunun nəticəsinə təsir edən səhvlər baş verməsin. VAR oyuna müdaxilə etməyəndə bizi düşünməyə vadar edir”.
“Ucuz qollar buraxırıq” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyətini belə şərh edib:
“İlk hissədə yaxşı “Səbail” görmədik. İrəlidə kəskinlik çatışmır. Ucuz qollar buraxırıq. Bu, məni çox üzür. Komandada zədəlilər də çoxdur. Yeni transferlərimiz oynayır, amma zamana ehtiyac var. İkinci hissədən çox razıyam. Komandamı uğursuz saymıram. “Turan Tovuz” çox yaxşı motivasiya olmuşdu.
Hakimlər də səhv edə bilər. Biz belə şeylərə köklənsək, itirəcəyik. Sonrakı proseslər mənasızdır. Məğlubiyyətin əsas səbəbi bizik. Səbəbi kənarda axtarsaq, bu, bizə uğur gətirməyəcək. Uşaq səhvləri etdik. Amma komanda sınmadı. İkinci qolu da vura bilərdik. Bəzi futbolçular olmadığı üçün sistemi dəyişmişəm. İkinci hissədə dördlü müdafiəyə keçdik. Bundan sonra müdafiədə səhvlər olmadı. Yeni transferlər formasını bərpa etdikdən sonra ritmə düşəcəyik. Qarşıdakı turlarda daha yaxşı “Səbail” görəcəyik”.


