“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Vacib oyun idi. Qələbə qazanmaq istəyirdik. “Sabah”a heç vaxt evdə qalib gəlməmişdik. Futbolçularıma inanırdım. Bu mövsüm evdə yaxşı oynayırıq. Fürsətlərdən yaxşı istifadə etdik. Qoldan sonra da şanslarımız oldu.
Baş məşqçi komandadakı itkilərdən də söz açıb: “İtkilərimiz çoxdur. Bu gün də Aleks Serrano cazalı duruma düşdü. Nəsə fikirləşəcəyik. Bu il orta xətdəki oyunçularımız çox zədələnirlər. Xəyal Nəcəfovu məcburiyyətdən dayaq yarımüdafiəçisi kimi oynadırıq. Mövqe dəyişiklikləri edə bilərik. Bu gün Roderik Miller də zədələndi. Ayağı burxulub. Ayxan Hüseynovda da eyni zədədir. Çempionatın sonuna yaxın belə hallar olur. Buna hazır olmaq lazımdır”.
Ayxan Abbasov komandasının avrokuboklara vəsiqə qazanmaq şanslarından da söz açıb:
“Təzyiq altında deyilik. Gələcəkdə iddialı olmaq, avrokuboklar uğrunda mübarizə aparmaq istəyirik. Klub olaraq inkişaf edirik. Bu mövsüm də şansımız varsa, bundan istifadə etmək istəyərik. Bu il bəzi komandalar çempionata zəif başladılar. Turnir cədvəlində bunun da rolu var. Biz daha çox gələcəyi fikirləşirik.
İlk növbəti bu heyəti qorumaq lazımdır. Əslində, bu il bizim üçün daha asan olacaq. Çünki, əksər oyunçuların bizimlə müqaviləsi var. Bununla yanaşı yeni futbolçular da cəlb olunmalıdır”.
“Sadə oynamaq lazımdır, biz isə çətinə gedirdik” – Renduliç
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç isə Tovuzdakı məğlubiyyətə belə şərh verib:
“Turan Tovuz”u qələbə münasibətilə təbrik edirəm. Layiqli qələbə qazandılar. Bilirdik ki, onlar evdə yaxşı çıxış edirlər. İlk hissədə rəqibin oyununa cavab verə bilmədik. Çox kobud səhv etdik. Bunun nəticəsində qapımızda qol gördük. İkinci hissədə yaxşı oynadıq. Oyuna nəzarət edən tərəf idik. Amma yenə də lazımsız fouldan sonra qol buraxdıq.
Hücumda kəsərli deyilik. Cərimə meydançasında bitiriciliyimiz çatmırdı. Həll yolları axtarırdıq, amma bu, alınmırdı. Sadə oynamaq lazımdır. Biz isə çətinə gedirdik.
Azərbaycana gələndən bəri ilk dəfə regionda oldum. Stadiondakı atmosfer çox yaxşı idi. Tovuzlu azarkeşləri tanıyırıq. Mənə məlumat vermişdilər. Onların komandanı necə dəstəklədiklərini bilirik. Bu gün də belə oldu”.
Renduliç gürcü hücumçu Davit Volkovun çıxışına qiymət verib, komandadakı zədəlilərin çoxluğundan danışıb:
“David komandaya çox kömək edir. Təəssüf ki, bu gün onun səhvindən qol buraxdıq. Amma mən onu günahlandırmıram. Bir səhvə görə belə düşünmək olmaz. Hər kəsə şans veririk. Bu gün gənc hücumçu Oluvaseun Timilehini meydana buraxdıq. 8 oyunçumuz bu gün zədə səbəbindən yox idi. Amma bəhanələr gətirmək istəmirəm. Komandada 25 futbolçu var. Hər kəs özünü göstərməlidir. Bu gün “Turan Tovuz” layiqli qələbə qazandı. “Qarabağ”la matça kimi zədəlilərdən Elvin Camalov dəqiq qayıdacaq. Ümid edirəm ki, Emmanuel Apehlə Anatoli Nuriyev də bizə qoşulacaqlar”.


