Ayxan Abbasov: “Yüksək tempə uyğunlaşmağımız məni sevindirir”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sumqayıtda oynamaq həmişə çətindir. İlk 15 dəqiqədə rəqib basqılı oynadı. Sevinirəm ki, futbolçularım gündən-günə yüksək tempə uyğunlaşırlar, diqqətli oynayırlar. 15 dəqiqədən sonra oyunda bərabərlik yarada bildik. Yaxşı hücumlarımız və yaxşı qol epizodlarımız oldu. Təəssüf ki, ikinci oyundur 100 faizlik qol imkanlarından istifadə edə bilmirik. Bunun üzərində çox işləməliyik. Açıq oyun getdi. Bu tempi saxlamalı, uğura inanmalıyıq. Futbolçuların 3 oyundur yüksək templə oynamaları məni çox sevindirir. Amma çatışmazlıqlarımız da var. Bunun üzərində çalışacağıq. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən möhtəşəm idilər”.

Hər iki komanda qələbə qazanmaq istəyirdi. Qol vura da bilərdik, buraxa da. Futbolçulardan istədiyim budur ki, bu tempi saxlasınlar. Məğlubiyyət, bərabərlik ola bilər. Yolumuza davam edəcəyik”.

“Sumqayıt”ın məşqçisi Mübariz Orucov isə heç-heçədən sonrakı mətbuat konfransında bunları dilə gətirib:

“Uğurlu antiterror əməliyyatında şəhid olan qardaşlarımıza Allah rəhmət eləsin. Gərgin oyun oldu. İki məğlubiyyətdən sonra bu gün qalib gelmək istəyirdik. Əfsuslar olsun ki, alınmadı. Oyunun ədalətli nəticəsi heç-heçə idi. İkinci hissədə bizim kritik epizodlarımız oldu. Bunları qola çevirsəydik, qələbə qazana bilərdik.

Qırmızı vərəqə aldığım epizoda gəlincə, orada nə baş verdiyini heç mən də başa düşmədim. Qaydalarda xətti tapdalamaq olmaz deyə bir tələbin olub-olmadığını bilmirəm. Gərgin oyundur, ola bilər ki, 30 santimetr meydançanın içinə girək. Heç olmasa sarı vərəqə verərdi. Nəyə görə qırmızı göstərdiyini başa düşmədim. Deyir ki, qaydalarda belədir. 5-6 metr irəliləyib etiraz etsəydim, başa düşərdim”.

Xəbəri sosial şəbəkələrdə paylaş: