Azər Əliyev bir müddət oynamayacaq – “Neftçi”dən açıqlama

“Neftçi”nin zədəli müdafiəçisi Azər Əliyev paytaxt klubunun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun durumu ilə bağlı “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bunları bildirib: “Sümükdə və oynaqda sınıq və ciddi xəsarət yoxdur. Sadəcə, bağlarda gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunduğuna, həmçinin həmin hissəyə qan yığıldığına görə dirsək oynağı müalicə olunub. 7-10 gün ərzində sarğıda qalacaq. Bu müddətdə Azər Əliyev məşqlərdən azad olunub. Ağrılar tam azalandan sonra isə fərdi məşqlərə başlayacaq”.

Xatırladaq ki, Azər Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində avqustun 3-də keçirilmiş “Jelezniçar”la (Bosniya və Herseqovina) ev oyununda zədələnmişdi. Matçın əvvəlindəcə cərimə meydançasında hava mübarizəsi zamanı qolunun üstünə uğursuz şəkildə düşən futbolçu həkim müayinəsindən sonra bir neçə dəqiqə oynasa da, əvəzlənmək məcburiyyətində qalmışdı.

“Jelezniçar”a doğma meydanda 2:0 hesabıyla qalib gəlmiş “Neftçi” ilk oyunda da bu rəqiblə məhsuldar heç-heçəyə (2:2) olduğu üçün növbəti mərhələyə adlayıb. Azərbaycan təmsilçisini Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Türkiyə nəhəngi “Beşiktaş”la mübarizə gözləyir. “Qara qartallar”la ilk matç avqustun 10-da Bakıda, cavab görüşü isə ayın 17-də İstanbulda keçiriləcək.

Buna qədər “Neftçi”ni Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Kəpəz”lə səfər oyunu gözləyir. Bu qarşılaşma sabah Gəncədə baş tutacaq. Azər isə böyük ehtimalla bu oyunların heç birində komandasına kömək edə bilməyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: