“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun alındı. Uşaqları təbrik edirəm. Hər üç zonada yaxşı mübarizə apardıq. Haqq etdiyimiz qələbəni qazandıq. Vaxtı gecikdirməməyə çalışdıq, meydanın rəqibə aid hissəsində oynadıq. Futbolda olan bəzi cığallıqları etməməklə qələbə qazandıq. Futbolçular qələbəyə ac idilər. Uşaqlar tempi qaldırırdılar. Bu, yaxşıdır. Amma bəzən hiylə də lazımdır. Oyun strategiyanın üzərində qurulur. Hardasa futbol “bicliy”i də olmalıdır”.
Azər Bağırov “Sabah”ı yaxşı analiz etdiklərini də açıqlayıb: “Motivasiya çox önəmlidir. Rəqibin keçən oyununu meydanda izləyirdim. Əsasən hücum xəttinə topun çatmaması, müdafiədən topun çıxmaması – bunlar əsas tapşırıq idi. İshak Belfodilin sığortası var idi. Üç hücumçu ilə oynadıq. Çox qol epizodlarını boşa verdik. Birinci hissədə hər şeyi bitirməyi düşünürdük. Bəzən elə alınır ki, ikinci-üçüncü varianta keçməlisən. İkinci yarıda tam başqa varianta keçdik. Biz müdafiədə risk edə bilirik. Müdafiəçilərimizin həmişə birəbir oynamalarını istəyirəm. Bu tərəfdən üstünlüyümüz olur”.
“Sabah”dan getmək istəmirəm”
“Sabah”ın baş məşqçisi Murad Musayev isə komandasının məğlubiyyəti ilə bağlı bunları söyləyib:
“Araz Naxçıvan” yaxşı komandadır. Onlarla oyunda özün öz qapına iki qol vurursansa, heç kimi günahkar çıxara bilməzsən. Günahkar bizik. Nəticə qanunauyğundur.
Nicat Mehbalıyev ötən turda zədə almışdı. Buna görə yenidən Yusif İmanova şans vermişdik. Buraxılan qola gəldikdə, olmamalı idi. Biz özümüz günahkarıq. Kimisə günahlandırmaq çox asandır. “Səbail”lə matçdan sonra oyuna belə köklənməməlisən. Qışda yeni futbolçular transfer edəcəyikmi? Xeyr, belə planımız yoxdur”.
Murad Musayev Rusiyanın Birinci Liqa klubları “Alaniya” və “Şinnik”dən aldığı təkliflərə də münasibət bildirib: “Bu mövsüm ərzində Rusiya Premyer Liqasından mənə 2-3 yaxşı təklif olmuşdu. Getsəydim, ora gedərdim. Amma “Sabah”dan getmək istəmirəm”.


