“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 6-cı turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Neftçi” ölkəmizin adlı-sanlı, nəhəng klublarındandır. Onlara qarşı oynamaq həmişə çətindir. Yaxşı oyunçuları var. Bunları və “Neftçi”yə qarşı necə oynayacağımızı uşaqlara bildirmişdik. Bəzi boşluqlarımız oldu. Həyəcan var idi. Amma şükürlər olsun ki, bu gün qələbə bizim oldu. Futbolçularımı təbrik edirəm. Yaxşı və sona qədər mübarizə apardılar.
Qələbəyə görə mükafat? Onu rəhbərlik verəndən sonra biləcəyik. Amma bu gün “Neftçi” ilə oynayırdıq deyə, xüsusi hazırlığımız da yox. Meydana çempionatın bir oyunu kimi çıxdıq, qalib gəldik. Rəhbərlik hansı mükafatı verərsə, onunla da kifayətlənəcəyik”.
Azər Bağırov müdafiə futbolunu bəyənmədiyini bəyan edib, həmçinin komandasının hədəflərindən söz açıb:
“Biz çox zərurət olanda arxada otururuq. Mən açıq futbol oynamağı xoşlayıram. Hətta 10 nəfərlə qalanda da, rəqibi qabaqda sıxırdıq, pressinq edirdik. Həmişə çalışmışam ki, meydanın rəqibə aid hissəsində oynayaq və üstünlük bizdə olsun.
Biz hazırda hansısa pilləni tutmaq barədə düşünmürük. Bu günlə yaşayıram. Komandam üçün ən yaxşısını etməyə çalışıram. Hansı pillədə yer alacağımızı sonda biləcəyik. Amma maksimumu etməyə çalışırıq. Hər oyunda komanda üçün nə vacibdirsə, onu edirik. Hansısa komandanı udmaq mənə şöhrət gətirmir. Əsas olan üç xaldır və komandamızın qələbəsidir”.
Mutu: “Penalti istisna olmaqla rəqibə şans vermədik”
“Neftçi”nin baş məşqçisi Adrian Mutu isə komandasının məğlubiyyətini belə şərh edib:
“Bizim üçün uğursuz matç alındı. Bir epizod buraxdıq, o da qola səbəb oldu. Halbuki, oyunda diqtə edən tərəf biz idik. Hər iki yarıda qol şanslarımız olsa da, dəyərləndirə bilmədik. Penaltini çıxmaq şərtilə, müdafiə xətti yaxşı oynadı. Rəqibin heç bir şansı olmadı. Müdafiədə daha diqqətli olmalıyıq. Xüsusən də, əks-hücumlarda. “Araz-Naxçıvan” bu gün 10 nəfərlə müdafiə olunurdu. Hər iki hissədə şans yaratdıq. Sadəcə, rəqib bütünlüklə müdafiə olunurdu. Belə olan halda biz nə qədər qol epizodu yarada bilərdik?
Qara Qarayev bu gün zədələndiyi üçün məcburiyyətdən əvəzlədik. Başqa bir səbəb yoxdur. Ümumiyyətlə, oyun baxımından kifayət qədər normal idik.
Reziuan Mirzov və Lukas Melano bu gün debüt etdi. Hər ikisi yenidir. Onlara uyğunlaşmaq üçün vaxt lazımdır. Bu gün də az oynadılar. Hələ tam istədiyimiz formada deyillər. Oyundan-oyuna formaya düşəcəklər, tam komandaya uyğunlaşacaqlar”.


