“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/8 finalında “İrəvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 8:2 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyun istədiyimiz məcrada başlamadı. Futbolçularda yüngül konsentrasiya itkisi var idi. Sonradan düzəldi. Uşaqlar meydanda lazımi qaydada mübarizə apardılar, dediyimiz zonaları bağladılar. Futbolçuları təbrik edirəm. “İrəvan”a uğurlar arzulayıram. Premyer Liqa və Birinci Liqa arasında fərq var. Bu gün nə qədər desək də, onların hazırlığı ilə bizimki arasında fərq böyükdür. Fərq nə qədər olsa da, futbolçular meydanda lazımı funksiyaları yerinə yetirəndə, ustalıq arxa planda qalır”.
Azər Bağırov Naxçıvan klubunun Azərbaycan Kubokundakı hədəflərindən də söz açıb: “İstər kubok, istər çempionat oyununa iddialı çıxırıq. Komandanın oyununu daha da yaxşılaşdırmaq istəyirik. Maksimum nəticə nədirsə, kubokda da, liqada da edəcəyik. Təbii ki, qışda güclənməliyik. Çalışacağıq ki, qış fasiləsində bəzi dəyişiklik edək, əsasən də yerli oyunçular tapaq”.
Muxtar Respublika təmsilçisinin çalışdırıcısı qış hazırlıq planlarından da söz açıb: “Komanda gec yığılacaq, yanvarın 4-də bir araya gələcəyik. Arada da 20 günlük fasilə qalır. Komandanı yığıb Türkiyəyə getmək… Zədələr ola bilər. Düşündük ki, Bakıda yığışaq, bir az hazırlaşaq. Qəbələdə hazırlaşmaq planımız da var. Yanvarın 10-dan sonra ora gedə bilərik”.
“İrəvan”ın baş məşqçisi Nazim Süleymanov isə komandasının məğlubiyyəti barədə bunları söyləyib:
“Matçın əvvəlində heç kim bu hesabın qeydə alınacağını deyə bilməzdi. Premyer Liqa ilə Birinci Liqa arasında səviyyə fərqi göz qabağındadır. İndiki futbol sürət futboludur. Səviyyə öz sözünü dedi. Komanda səbrli və nizamlı olmalıdır. Bizdə oyunçularla bağlı çətinliklər var. Ehtiyatda 5 oyunçu olsa da, 3 nəfəri oyuna buraxa bildik. Qapıçılarla birlikdə 17-18 oyunçumuz var. Liqada bir oyunumuz qalıb. Kubok avrokuboklara ən qısa yoldur. İnsanların arzuları var. İştah diş altındadır. “Araz-Naxçıvan”a uğurlar arzulayıram. Futbol səhvlər oyunudur. Kim çox səhv edirsə, o da məğlub olur. Təssüf ki, biz çox səhv etdik”.


