Azər Həşimov “Karvan”la elitada ilk qələbəsini şərh etdi

“Karvan”ın baş məşqçisi Azər Həşimov Premyer Liqanın 2-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, Yevlax təmsilçisi səfər oyunundan 3:2 hesablı qələbə ilə ayrılıb.

Azər Həşimov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər iki komanda qalib gəlmək istəyirdi. Komandamız əzmkar mübarizə apardı və lazım olan 3 xalı qazandı. Buna görə də futbolçularıma təşəkkür edirəm. “Kəpəz”ə gələcək oyunlarda uğurlar arzulayıram.

Azər Həşimov “Karvan”ın Premyer Liqada ilk qələbəsini onun rəhbərliyi altında qazanmasına da münasibət bildirib:

“Karvan” tarixi olan klubdur. Mən də sevinirəm ki, bu komandanın baş məşqçisiyəm. Gələcəkdə daha da yaxşı olmağa çalışacağıq”.

“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının yeni mövsümdəki ardıcıl ikinci məğlubiyyətinə belə şərh verib:

“Topa nəzarət daha çox bizdə idi. Rəqib əlinə düşən fürsətlərdən istifadə etdi. Azarkeşlər komandadan qələbə gözləyir. Bu gün onları sevindirə bilmədiyimiz üçün məyusuq. Çalışacağıq ki, gələcək oyunlarda xallar toplayaq.

Komandada ruh düşkünlüyü həmişə qazanılmayan xallara görə olur. Bu gün oyun baxımından üstünlük bizdə ola-ola qalib gələ bilmədik. Sonuncu dəqiqədə rəqib müdafiəçi topu qapı xəttindən çıxardı. Bizi daha çox bunlar məyus edir. Həvəsdən düşmək olmaz. Komandada çatışmazlıqlar var. Bunun üzərində işləyirik. Yeni transferlər gələndən sonra komanda daha da güclənəcək.

İndi məqsədimiz Premyer Liqada qalmaq deyil. Hədəflərimizə çatmağa çalışacağıq. Bəzi məsələlələri yoluna qoyandan sonra tam başqa “Kəpəz” görəcəyik. Bir oyunçu düşərgəmizdə idi. Zədəsi ilə əlaqədar onunla müqavilə imzalamadıq. Sağ və sol cinah yarımmüdafiəçiləri, hücumçu gətirməyi planlaşdırırıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: