“Karvan”ın baş məşqçisi Azər Həşimov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Sumqayıtda keçirilmiş oyunda Yevlax təmsilçisi 1:4 hesabı ilə məğlub olub.
Azər Həşimov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Birinci hissə 1:1 hesabı ilə nəticələndi. İkinci yarıda cərimə zərbəsi və penaltilərdən qollar buraxdıq. Rəqibin 3-cü qolu qırılma nöqtəsi oldu. Nəticədə məğlub olduq. “Sumqayıt”ı təbrik edirəm.
Növbəti turda “Turan Tovuz”la qarşılaşacağıq. Xal və ya xallar qazanmağa çalışacağıq. Bilirsiniz ki, yeni komandayıq. Həmişə dediyim kimi, asan təslim olmayacağıq. Bütün rəqiblərə qarşı mübarizə aparacağıq. Ən yaxşısını etməyə çalışacağıq.
Çox qol buraxmağımıza gəlincə, futboldur, belə şeylər olur. Vuruşursan, döyüşürsən, amma məğlub olursan. Qolların 70-80 faizini standart vəziyyətlərdən buraxmışıq. Futbolçuların fərdi keyfiyyətlərindən asılı olan bir şeydir. Təhlillər etsək də, hardasa boşluq buraxırıq”.
Azər Həşimov Yevlax şəhər stadionunun nə vaxt hazır olacağına dair suala isə belə cavab verib:
“Biz məşqçiyik. Bu, bizdən asılı olan məsələ deyil. Stadionumuz hazır olsaydı, bu gün bizim 5 yox, 10-11 xalımız olardı”.


