Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” komandasının baş məşqçisi Azər Məmmədov istefa verib.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
47 yaşlı mütəxəssis öz istəyi ilə postundan ayrılıb. O, ötən gün Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan “Qarabağ”la səfər matçından (1:7) sonrakı mətbuat konfransında istefa vermək istədiyini açıqlamışdı:
“Bu gün rəhbərliklə görüşəcəyəm. Söhbətimiz olacaq. Qərar nə olacaqsa, yaxın günlərdə açıqlanacaq. Getmək haqda düşünürəm. Düşünmürəm desəm, yalançı olaram”.
Matçdan sonra klub rəhbərliyi ilə görüşən Məmmədov bu istəyini onların da diqqətinə çatdırıb. Bu gün baş məşqçinin istefa ərizəsi qəbul olunub və o, köməkçiləri ilə birgə komandadan ayrılıb. Gəncə klubu gələcək karyerasında Azər Məmmədova uğurlar arzulayıb. Komandanı müvəqqəti olaraq klubun əvəzedici komandasının baş məşqçisi Xaliq Mərdanov çalışdıracaq.
Xatırladaq ki, Azər Məmmədov 2023/2024 mövsümünün əvvəlindən, bu ilin iyun ayından “Kəpəz”ə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 12 oyuna çıxarıb. Komanda bu görüşlərdə cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.
“Kəpəz” hazırda 6 xalla Premyer Liqanın turnir cədvəlində 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Sonda onu da qeyd edək ki, “Kəpəz” Azər Məmmədovun baş məşqçi kimi çalışdırdığı ilk komanda idi. O, daha öncə “Qarabağ”ın futbol akademiyasında və “Zirə”nin ikinci komandasında çalışmış, “Səbail”də köməkçi məşqçi olmuşdu. Paytaxt klubunda Şahin Diniyevin köməkçilərindən biri olan Məmmədov məhz “Kəpəz”dən aldığı təklifə görə “Səbail”dən ayrılmışdı. O, Gəncə təmsilçisinin baş məşqçisi postunda Tərlan Əhmədovu əvəz etmişdi.


