Azərbaycan millisi AÇ-2024-ə Belçika üzərində qələbə ilə başladı

Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən Avropa çempionatında ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, F qrupunda mübarizə aparan Elşad Quliyevin yetirmələri qrup mərhələsinin ilk oyununda bu gün Belçika seçməsi ilə üz-üzə gəlib.

Görüşdə rəqibindən üstün olan yığmamız rəqibini 3:0 hesabı ilə məğlub edib. Oyunda hesabı Vüsal İsayev açıb. İlk yarını minimal hesabla öndə tamamlayan millimiz ikinci hissədə üstünlüyünü artırıb. Bu dəfə Təmkin Xəlilzadənin ötürməsindən sonra yenə Vüsal İsayev fərqlənib. Bir qədər sonra Samir Həmzəyev üçüncü topu belçikalıların qapısından keçirib. Beləcə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb.

Qeyd edək ki, Elşad Quliyevin yetirmələri iyunun 3-də İtaliya, bir gün sonra Fransa yığması ilə üz-üzə gələcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: