2024-cü ilin noyabr ayından bəri istirahətdə olan futbol üzrə Azərbaycan millisi bu gün 2025-ci ildəki ilk sınağına çıxacaq.
Arena.az xəbər verir ki, Fernando Santosun rəhbərlik etdiyi yığmamız Haiti milli komandasını qəbul edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kadir Sağlam olacaq.
Fernando Santosun gəlişindən bəri qələbəyə həsrət olan Azərbaycan millisi bu uğursuz seriyaya son qoymağa çalışacaq. Komandamız təcrübəli portuqal mütəxəssisin rəhbərliyi altında indiyə qədər 6 oyun keçirib, cəmi 1 heç-heçə etdiyi halda 5 görüşdə məğlubiyyətə üzülüb. Top fərqi də biabırçı mənzərə yaradır – 3:17.
Komandamız cəmi bir neçə gün sonra doğma meydanda daha bir sınaq matçına çıxacaq. Belə ki, “Masazır Arena”da Belarus yığması ilə qarşılaşma baş tutacaq. Həmin oyuna yüksək əhval-ruhiyyədə çıxmaq üçün də Haiti ilə matçdan müsbət nəticə ilə ayrılmaq vacibdir.
Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə Haiti ilə qarşılaşacaq. KONKAKAF təmsilçisi yığmamızın tarixində 72-ci rəqib olacaq. İlk rəsmi matçına 1992-ci ildə çıxmış millimiz indiyədək 71 fərqli komanda ilə üz-üzə gəlib. Haiti KONKAKAF-dan olan 5-ci rəqibimizdir. Bunadək millimiz Trinidad və Tobaqo, ABŞ, Kanada və Hondurasla görüşüb.
Sumqayıtda baş tutacaq matç komandamızın tarixində 306-cı sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzmuş komandamız indiyədək 305 oyuna çıxıb. Bu müddətdə 61 qələbə qazanmış futbolçularımız 79 heç-heçəyə nail olublar və 165 dəfə uduzublar. Əvvəlki 305 qarşılaşmada 235 qol vurmuş futbolçularımız 510 top buraxıbkar.
Bu, millinin yoxlama oyunları çərçivəsində 140-cı matçı olacaq. İndiyədək 139 belə qarşılaşma keçirmiş Azərbaycan millisi 40 qələbə qazanıb, 45 heç-heçə edib və 54 dəfə xalsız qalıb. 134 qol vuran millimiz 175 top buraxıb.
Ev matçı Fernando Santosun baş məşqçi postunda ilk yoxlama oyunu olacaq. Portuqal mütəxəssisin əvvəlki bütün sınaqları rəsmi oyunlara təsadüf edib.
Yoxlama oyunu
22 mart
Azərbaycan – Haiti
Baş hakim: Kadir Sağlam (Türkiyə).
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə).
Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 21:45.


