Azərbaycanlı hakimlər 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinə təyinat alıblar. Arena.az xəbər verir ki, FIFA referisi Elçin Məsiyev və FIFA referi köməkçisi Pərvin Talıbov martın 22-dən 28-dək Polşada təşkil ediləcək 6-cı qrupun oyunlarında iştirak edəcəklər.
6-cı qrupda İsrail, Polşa, Serbiya və Latviya komandaları mübarizə aparacaqlar. Azərbaycanlı hakimlər bu qrupdakı altı oyundan üçündə iş başında olacaqlar.
Belə ki, martın 22-də keçiriləcək İsrail – Polşa matçının baş hakimi Elçin Məsiyev olacaq. Onun köməkçilərindən biri Pərvin Talıbov olacaqsa, digər yan xətt hakimi İngiltərədən Daniel Robatan təyin olunub. Dördüncü hakim funksiyasını da Robatanın həmyerlisi Con Bruks yerinə yetirəcək.
Martın 25-də keçiriləcək Polşa – Latviya oyununda Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək. Pərvin Talıbov isə yan xətt hakimi olacaq. Qarşılaşmanın əsas hakimi portuqaliyalı Migel Noqeyra olacaqsa, digər yan xətt hakimi onun həmyerlisi Nelson Filipe Vila Pereyra təyin edilib.
Ayın 28-də baş tutacaq Latviya – İsrail matçının da baş hakimi Elçin Məsiyev, yan xətt hakimi Pərvin Talıbov təyin edilib. Onlarla yanaşı, bu görüşdə Polşadan olan Mixal Sobçak (yan xətt hakimi) və Patrik Qriçkyeviç (dördüncü hakim) də iş başında olacaqlar.
Xatırladaq ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2023-cü ildə Maltada keçiriləcək.


