Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 14-cü turu çərçivəsində baş tutan “Bandırmaspor”la oyunun iştirakçısı olub.
Doğma meydanda baş tutan qarşılaşma futbolçumuzun komandası üçün o qədər də uğurlu alınmayıb. “Tuzlaspor” meydanı 1 xalla tərk edib – 1:1.
Bəxtiyar bu oyuna start heyətində başlayıb və sonadək oynayıb. Onun komandası ilk hissədə iki penaltini boşa verib. İkinci hissədə daha bir penalti qazanan və bu dəfə hesabı açan “Tuzlaspor” sonda qələbə hesabını qoruya bilməyib.
“Tuzlaspor” hazırda 12 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la bu ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 11 oyuna çıxıb və 1 qol vurub.


