Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 16-cı turu çərçivəsində baş tutan “Sakaryaspor”la oyunun iştirakçısı olub.
Doğma meydanda baş tutan qarşılaşma futbolçumuzun komandası üçün uğursuz alınıb. Qonaqların vurduğu 3 qola cəmi 1 qolla qarşılıq verə bilən “Tuzlaspor” meydanı məğlubiyyətlə tərk edib – 1:3.
Bəxtiyar bu oyuna start heyətində başlayıb və sonadək oynayıb.
“Tuzlaspor” hazırda 13 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la bu ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 13 oyuna çıxıb və 1 qol vurub.


