Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 5-ci turu çərçivəsində baş tutan “Adanaspor”la oyunun iştirakçısı olub.
“Tuzlaspor”un meydanında baş tutan qarşılaşma futbolçumuzun komandası üçün uğurlu alınıb. Meydan sahibləri 2:1 hesablı əzmkar qələbəyə seviniblər.
Bəxtiyar bu oyuna start heyətində başlayıb və sonadək oynayıb. Komandasının qələbə qolunu da 70-ci dəqiqədə məhz azərbaycanlı müdafiəçi vurub.
Mövsümə ardıcıl dörd məğlubiyyətlə başlamış “Tuzlaspor” ilk qələbəsindən sonra 3 xalla 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la bu ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 2 oyuna çıxıb və 1 qol vurub.


