Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 7-ci turu çərçivəsində baş tutan “Şanlıurfaspor”la oyunun iştirakçısı olub.
Doğma meydanda baş tutan qarşılaşma futbolçumuzun komandası üçün uğurlu başlamayıb. Hesabı ilk yarının sonlarında qonaqlar açıblar. Amma “Tuzlaspor” ikinci hissədə penaltidən vurduğu qolla hesabı bərabərləşdirməyi bacarıb. Oyunda başqa qol olmayıb və tərəflər meydanı hərəyə bir xalla tərk ediblər – 1:1.
Bəxtiyar bu oyuna start heyətində başlayıb və sonadək oynayıb.
Bu mövsüm ilk dəfə heç-heçə edən “Tuzlaspor” hazırda 4 xalla 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la bu ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 4 oyuna çıxıb və 1 qol vurub.


