Bahadur Həziyev də “Şamaxı” ilə müqaviləsini yenilədi

Şamaxı”nın yarımmüdafiəçisi Bahadur Həziyev əyalət klubu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 23 yaşlı futbolçu ilə 2.5 illik yeni sözləşmə imzalanıb. Yeni müqaviləyə əsasən, Bahadur 2025-ci ilin yayına kimi əyalət klubunun uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Bahadur Həziyev “Neftçi”nin yetirməsidir. O, bu klubdan 2017-ci ildə ayrılandan bəri MOİK və “Səbail”in də formasını geyinib.

Həziyev yeni müqavilə ilə bağlı klubun mətbuat xidmətinə açıqlama da verib. O, bunları söyləyib:

“Yeni müqavilə imzaladığım üçün klub rəhbərliyi və məşqçilər heyətinə təşəkkür edirəm. Mənim üçün də yeni müqavilə çox xoş oldu. “Şamaxı”da oynadığım üçün çox xoşbəxtəm, azarkeşlərə də təşəkkür edirəm ki, heç vaxt bizi tək qoymurlar. Öz oyunum haqda da deyə bilərəm ki, kifayətlənmək olmaz, öz üzərimdə çalışıb daha da yaxşı formada olmalıyam. “Şamaxı” ailəsinin hər bir üzvünə təşəkkür edirəm”.

“Şamaxı” daha öncə Rəhman Daşdəmirov, Rövşən Şahmuradov və Fuad Bayramovla da yeni müqavilə imzalandığını açıqlamışdı. Əyalət klubu hücumçu Emil Qasımovu da heyətinə cəlb edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: