Bahadur Həziyev “Şamaxı”nı “Səbail”ə dəyişdi

Ötən mövsümün yekunlarına görə Premyer Liqanı tərk edən “Şamaxı”da yarımmüdafiəçi Bahadur Həziyev də bu klubdan ayrılıb.

Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu sabiq klubu “Səbail”ə qayıdıb.

Bu barədə onun köhnə-yeni klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə futbolçu ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Xatırladaq ki, “Neftçi”nin yetirməsi olan Bahadur Həziyev MOİK-də də forma geyinib. O, 2019-cu ildə məhz MOİK-dən “Səbail”ə keçib, bu klubun əvəzedicilərində və əsas komandasında oynayıb. O, vaxtilə “dənizçilər”in heyətində meydana çıxdığı 10 oyunda 1 qol və 1assistlə yadda qalıb. 2021-ci ilin fevralında isə yarımmüdafiəçi “Səbail”dən azad agent kimi ayrılaraq “Şamaxı”ya keçmişdi. O, əyalət klubunun heyətində meydana çıxdığı 47 oyunda 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Bahadur Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynayıb, əsas millimizdə isə debüt şansı qazanmayıb.

Həziyevin “Şamaxı” ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var idi. Bu üzdən onun sözügedən klubdan necə ayrılması və “Səbail”ə hansı şərtlərlə transfer edilməsi maraq doğurur. Klublar isə bu barədə rəsmi açıqlama vermirlər.

Daha öncə müdafiəçisi Vüqar Həsənovla müqavilənin müddətini artıran “Səbail” Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev və Coşqun Diniyevi də heyətinə qatmışdı. Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov, Maksim Çex və Emil Balayev isə komandadan ayrılıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: