Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 14-cü turunun sonuncu qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün yeganə görüşü Xaçmazda keçirilib.
Burada yerli “NTD-İndiqo” “Xırdalan”ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Rəqibini 84:77 hesabı ilə məğlub edən “Xırdalan” xallarının sayını 23-ə yüksəldib.
14-cü turun əvvəlki oyunlarında “Neftçi” “Sabah”ı (101:87), “Xəzri” “Şəki”ni (94:85), “Sumqayıt” “Cəlilabad”ı (109:99), “Sərhədçi” isə “Gəncə”ni (79:72) məğlub edib.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (14 oyun, 12 qələbə, 2 məğlubiyyət) – 26 xal
- Sabah (14 oyun, 11 qələbə, 3 məğlubiyyət) – 25 xal
- Neftçi (14 oyun, 10 qələbə, 4 məğlubiyyət) – 24 xal
- NTD-İndiqo (14 oyun, 10 qələbə, 4 məğlubiyyət) – 24 xal
- Xırdalan (14 oyun, 9 qələbə, 5 məğlubiyyət) – 23 xal
- Sərhədçi (14 oyun, 6 qələbə, 8 məğlubiyyət) – 20 xal
- Cəlilabad (14 oyun, 5 qələbə, 9 məğlubiyyət) – 19 xal
- Sumqayıt (14 oyun, 4 qələbə, 10 məğlubiyyət ) – 18 xal
- Gəncə (14 oyun, 3 qələbə, 11 məğlubiyyət) – 17 xal
- Şəki (14 oyun, 14 məğlubiyyət) – 14 xal


