Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Bayer” bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır.
Arena.az xəbər verir ki, Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda yer alan Leverkuzen təmsilçisi Bundesliqanın 14-cü turu çərçivəsində ötən gün səfərdə qarşılaşdığı “Ştutqart”la oyundan 1:1 hesablı heç-heçə ilə ayrıldı.
“Bayer”in Avropada yeganə məğlubedilməz komandaya çevrilməsinə Almaniya nəhəngi “Bayern”in 14-cü turda uduzması şərait yaradıb. Belə ki, Münhen təmsilçisinin uğurlu seriyası bu tur qırılıb. “Bayern” “Ayntraxt”a səfərdə 1:5 hesabı ilə uduzub.
Xatırladaq ki, “Bayer” hazırda 36 xalla Bundesliqada turnir cədvəlinə başçılıq edir. Almanlar Avropa Liqasının qrup mərhələsində keçirdikləri 5 görüşün hamısında qalib gəliblər.
Leverkuzen təmsilçisi Avroliqanın qrup mərhələsinin son turu çərçivəsində Norveç təmsilçisi “Molde” ilə üz-üzə gələcək. Bu oyun dekabrın 14-də Almaniyada baş tutacaq. Bundesliqa çərçivəsindəki növbəti matç isə dekabrın 17-də “Ayntraxt”la ev oyununa təsadüf edəcək.


