Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Bayer” bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Leverkuzen klubu Almaniya Bundesliqasının 10-cu turu çərçivəsində “Hoffenhaym”la qarşılaşıb.
Səfərdə baş tutan qarşılaşma “Qarabağ”ın rəqibinin 3:2 hesablı qələbəsiylə yekunlaşıb. Leverkuzenlilərin heyətində ilk qolu Florian Virts (9) vurub. Digər qolların müəllifi isə 45+1 və 70-ci dəqiqələrdə dublunu rəsmiləşdirmiş Aleksandr Qrimaldo olub.
“Bayer” Almaniya Bundesliqasında 10 turdan sonra 28 xalla vahid liderdir.
Leverkuzen təmsilçisi Bundesliqada növbəti matçını noyabrın 12-də evdə “Union Berlin”ə qarşı keçirəcək.
Almaniya klubu ilə “Qarabağ” arasındakı ilk qarşılaşma oktyabrın 26-da Leverkuzendə baş tutub və meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasındakı növbəti matç isə noyabrın 9-da Bakıda keçiriləcək. Bu iki komandanın yer aldığı H qrupunda Norveçin “Molde” və İsveçin “Hakken” komandaları da mübarizə aparır.


