“Bayer” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Bayer” – “Qarabağ” matçının hakim təyinatları bəlli olub.

Arena.az xəbər verir ki, Almaniyada keçiriləcək bu oyun Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.

Qarşılaşmanın baş hakimi FIFA referisi Horatiu Feşniç olacaq. Ona yan xətt hakimləri Valentin Avram və Aleksandru Çerei kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabolş Kovaç yerinə yetirəcək. VAR-da isə portuqaliyalı Tiaqo Marins və italyan Paolo Valeri çalışacaq.

Onu da qeyd edək ki, Feşniç karyerasında 4-cü dəfə Azərbaycan komandalarının matçına təyinat alıb. Rumın referi ilk dəfə təmsilçimizin səfər görüşündə iş başında olacaq.

Feşniç iki dəfə baş hakim, bir dəfə isə ehtiyat hakim kimi ölkəmizə gəlib. 2016-cı ildə, 27 yaşında FIFA referisi adını alan Feşniç bir il sonra “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasında İtaliya təmsilçisi “Roma” ilə ev matçında ədalət təmsilçisi olub. “Azərsun Arena”da reallaşmış görüşdə qonaqlar 3:0 hesablı qələbə qazanıblar.

Feşniçin ölkəmizə növbəti səfəri 2019-cu ilin martına təsadüf edib. Azərbaycan millisi Nikola Yurçeviçin rəhbərliyi altında “Bakcell Arena”da Litva ilə yoldaşlıq görüşündə qolsuz bərabərə qalıb

Feşniç bu mövsüm “Qəbələ”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr “Omoniyası” ilə ev matçına da təyinat alıb. Feşniç qonaq komandanın 3:2 hesabı ilə qələbə qazandığı Qəbələdəki oyunda dördüncü hakim olub.

Xatırladaq ki, oktyabrın 26-da keçiriləcək “Bayer” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: