Almaniya çempionu “Bayern” “Tottenhem”in ingilis hücumçusu Harri Keynə görə London klubuna yeni təklif ünvanlamağa hazırlaşır.
Arena.az bu barədə jurnalist-insayder Ben Ceykobsa istinadən xəbər verir.
Mənbənin məlumatına görə, futbolçunun özü ilə anlaşmış “Bayern” rəhbərliyi “Tottenhem”ə bu dəfə bonuslar da daxil olmaqla 93 milyon avro məbləğində təklif ünvanlamağa hazırdır. Keynin karyerasını “Bayern”də davam etdirmək istəyinə rəğmən, “mahmızlar”ın mövqeyi möhkəmdir: klub, hücumçusunun müqaviləsinin gələn ilin yayında başa çatacağına rəğmən, Keyni itirmək istəmir.
Xatırladaq ki, daha əvvəl “Tottenhem” “Bayern”in 29 yaşlı hücumçu üçün bonuslar xaric 70 milyon avro məbləğində təklifindən imtina etmişdi.
2022/2023 mövsümündə Harri Keyn “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt internet-portalı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.


