“Bayern” Almaniya Bundesliqasının 17-ci turunda “Hoffenhaym”la oyuna klubun əfsanəsi Frans Bekkenbauerin xatirəsinə xüsusi formada çıxıb.
Arena.az məlumat verir ki, futbol köynəyinin üzərində almanca “Danke Franz” (Təşəkkür, Frans) yazısı əksini tapıb.
Xatırladaq ki, ötənlərin əfsanəvi müdafiəçisi Frans Bekkenbauer yanvarın 7-də 78 yaşında dünyasını dəyişib.
Frans Bekkenbauer qeyd-şərtsiz Almaniya futbolunun əfsanəsi hesab edilir. O, Almaniya yığmasının heyətində 103 oyuna 14 qol, 10 məhsuldar ötürmə ilə fərlənib.
Bekkenbauer futbolçu karyerası ərzində “Bayern”, “Hamburq” və ABŞ-ın “Nyu York Kosmos” klubunda çıxış edib. Ümumilikdə, Bekkenbauer klub səviyyəsində bütün turnirlərdə 620 oyun keçirib, 74 qol vurub və 75 məhsuldar ötürmə verib.
Bekkenabauer Almaniya Bundesliqasının beşqat, Avropa Çempionlar Kubokunun üçqat, “Qızıl top”un ikiqat, 1972-ci il Avropa Çempionatının, 1974-cü il FIFA Dünya Kubokunun qalibidir. Baş məşqçi kimi Frans Bekkenbauer UEFA Kubokunu, Fransa çempionatını, Almaniya Bundesliqasını qazanıb və 1990-cı ildə Almaniya yığmasına dünya çempionu adını qazandırıb.
Qeyd edək ki, Almaniya Bundesliqası 17-ci turun bütün oyunlarından əvvəl Bekkenbauerin xatirəsinin 1 dəqiqəlik sükutla anılmasına qərar verib. Turun açılış matçında olduğu kimi, şənbə və bazar günlərinə təsadüf edəcək qalan görüşlərdə də 1 dəqiqəlik sükut elan ediləcək.
Sonda onu da xatırladaq ki, “Hoffenhaym”la oyun Münhen klubunun 3:0 hesablı möhtəşəm qələbəsi ilə başa çatıb. Almaniya nəhəngi bu qələbəni mərhum Frans Bekkenbauerin xatirəsinə həsr edib.
Hazırda “Bayern” 41 xalla 2-ci, “Hoffenhaym” isə 24 xalla 7-ci pillədə yer alıb. Almaniya Bundesliqasına 42 xala malik “Bayer” başçılıq edir.



