Benyamin Şeşko ilə yeni müqavilə və 10 milyonluq yeni transfer

Almaniyanın “Leypsiq” klubu Sloveniya millisinin də üzvü olan hücumçusu Benyamin Şeşko ilə müqavilənin müddətini uzadıb.

Arena.az bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

21 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) yeni müqavilə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti 2028-ci ilin 30 iyununa qədər idi.

Benyamin Şeşko “Leypsiq”ə 2023-cü ilin yayında “Zalsburq”dan keçib. O, geridə qalmış mövsümdə Almaniya klubunun heyətində 42 oyuna çıxıb, 18 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Peşəkar karyerasına “Zalsburq”da başlamış Şeşko, Avstriyada “Liferinq”in də formasını geyinib. O, 2021-ci ilin iyun ayında debüt etdiyi Sloveniya milli komandasında 29 oyuna çıxıb, 11 qol vurub.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

“Leypsiq” Almaniyanın digər klubu “Şalke”dən 18 yaşlı yarımmüdafiəçisi Assan Uedraoqonu da heyətinə qatdığını açıqlayıb. Əslən Burkina Fasodan olan almaniyalı futbolçunun transferi üçün 10 milyon avro ödənilib. “Leypsiq” yeni transferiylə də 5 illik müqavilə bağlayıb.

Assan Uedraoqo “Şalke”nin yetirməsidir. Gənc yarımmüdafiəçi 2023-cü ilin iyul ayından bu klubun əsas komandasında çıxış edirdi. Uedraoqo bu komandanın heyətində 17 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Gənc yarımmüdafiəçi Almaniyanın U-16 və U-17 yığma komandalarında da forma geyinib, hazırda isə U-18-ə dəvət alır.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: