Bobur Abduxoliqov “Sumqayıt”da

Futbol üzrə Özbəkistan yığmasının mərkəz hücumçusu Bobur Abduxoliqov bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2024/2025 mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” bu gün daha bir futbolçunun keçidini reallaşdırıb. Sözügedən klub son olaraq Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Abduxoliqovu heyətinə qatıb. 27 yaşlı hücumçu ilə sonradan 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb. Özbək futbolçu yeni komandasında 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Bobur Abduxoliqov Özbəkistanın “Nasaf” klubunun yetirməsidir. O, karyerası ərzində Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının da şərəfini qoruyub. 2024-cü ilin fevralında yenidən “Nasaf”a qayıtmış 27 yaşlı futbolçu bu ayın əvvəlində sözügedən klubdan azad agent kimi ayrılmışdı.

Özbəkistanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Abduxoliqov 2018-ci ilin iyununda əsas millidə dübt edib. O, əsas millidə keçirdiyi 18 oyunda 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.