Bolqarıstan polisi azarkeşlərə qarşı su şırnaqlarından istifadə etdi

Polis şöbəsinin müavini Stefan İvanov bildirib ki, Bolqarıstan polisi futbol azarkeşlərinə qarşı su şırnaqlarından istifadə edib.

Arena.az “Sportal.bg” portalına istinadən məlumat verir ki, polisin bu tədbiri azarkeşlərin kütləvi etiraz çıxışına qarşı təhlükəsizlik tədbiri olub:

“Bizdə məlumat var idi ki, onlar “Molotov kokteylləri” hazırlayırlar və azarkeşlərin yanında kifayət qədər çoxlu pirotexniki vasitələr, siqnal tapançaları, metal borular və digər qadağan olunmuş əşyalar da olub. Etirazın təşkilatçısının kim olması ilə bağlı məlumatımız var, amma adını deyə bilmərəm. İndi çoxlu sayda yaralı polisləri sayırıq.

Bu etirazda təkcə sofiyalı azarkeşlər deyil, həm də “Çerno More”, “Spartak” (Varna), “Lokomotiv” (Plovdiv) və “Botev” klublarının azarkeşləri iştirak edib. Burada 4000-dən çox etirazçı var idi, buna görə də heç kimin xəsarət almaması üçün su şırnaqlarından xəbərdarlıq kimi istifadə edilirdi”, deyə İvanov bildirib.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin Bolqarıstan – Macarıstan (2:2) oyunu, daha əvvəl milli komandanın zəif nəticələrinə görə azarkeşlərin etiraz tədbiri keçirəcəkləri barədə məlumat yayıldığı üçün boş tribunalar önündə keçirilib. Buna cavab olaraq hiddətli azarkeşlər stadionun yaxınlığında iğtişaşlar törədiblər.

Vurğulayaq ki, Bolqarıstan yığması cari seçmə mərhələdə çox zəif çıxışı və bərbad nəticələri ilə diqqət çəkib. Keçirdiyi 7 oyundan sonra bolqalar 3 xalla “G” qrupunun autsayderi mövqeyində qərar tutublar, komanda bir qələbə belə, qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: