Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov bu gün Xorvatiya yığma komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Avropa çempionatının (AÇ-2026) əsas seçmə mərhələsi çərçivəsində Bakıda xorvatlarla üz-üzə gəlmiş yığmamız yekunda 1:4 hesablı məğlubiyyətə üzülüb.
Baş məşqçi Vitali Borisov komandamızın qrupdakı son oyununda alınmış məğlubiyyəti ilə bağlı bunları söyləyib:
“Güclü rəqibə qarşı oynadıq. Xorvatiya millisi qrupda keçirdiyi 6 oyunun hamısında qələbə qazandı və maksimum xalla Avropa çempionatının final mərhələsinə yollandı. Komandamız bu gün yaxşı çıxış etdi. Adətən ikinci hissədə çatdırmırdıq və oyundan qopurduq. Bu dəfə güclü rəqibə qarşı yaxşı mübarizə apardılar.
Heyətimizdə zədəli futzalçı çoxdur. Əksəriyyəti ağrıkəsici hesabına meydana çıxmışdı. Ancaq bunu hiss etdirmədilər.
Rövşən Hüseynli ilə bağlı nə lazımdırsa danışmışıq, məlumat vermişik. Onu bu toplanışdan kənarlaşdırmışıq, amma millinin qapıları növbəti toplanışlarda onun üzünə açıqdır. Bu, hamımızın millisidir. Bu gün buraxdığımız qolların heç birində qapıçının səhvi olmadı”.


