Almaniyalı mütəxəssis Bruno Labbadiya futbol üzrə Nigeriya milli komandasının yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
58 yaşlı mütəxəssis Nigeriya millisinin tarixinə 37-ci baş məşqçi kimi düşüb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Bruno Labbadiya son olaraq 2022/2023 mövsümündə ölkəsində “Ştutqart”da işləyib. Onun çalışdırdığı komandalar arasında “Darmştadt”, “Qroyter”, “Bayer”, “Hamburq”, “Volfsburq” və “Herta” da var.
Xatırladaq ki, Nigeriya millisinə son olaraq Finidi Corc rəhbərlik edib. 53 yaşlı nigeriyalı mütəxəssis 2022-ci ildən yığmada köməkçi məşqçi kimi çalışırdı. Bu ilin martında portuqaliyalı baş məşqçi Joze Pezeyronun istefasından sonra yığma komanda məhz Finidiyə tapşırılmışdı. Amma onun baş məşqçi kimi fəaliyyəti qısa sürüb.


