Cəlal Hüseynov 61 dəqiqə oynadı, “Arda” böyük şansı qaçırdı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 2023/2024 mövsümünün 34-cü turu çərçivəsində baş tutan ÇSKA 1948 (Sofiya) ilə oyunun iştirakçısı olub.

“Arda” doğma meydanda baş tutan bu qarşılaşmadan xal itkisi ilə ayrılıb – 0:0.

Hüseynov bu görüşə start heyətdə başlasa da, 61-ci dəqiqədə əvəzlənib. Məşqçilər heyəti mərkəz müdafiəçisi olan Cəlalın xidmətindən bu qarşılaşmada da dayaq yarımmüdafiəçisi kimi istifadə ediblər.

“Arda” bu heç-heçədən sonra Avropa Konfrans Liqasına vəsiqə uğrunda qrupda 45 xalla 2-ci, 16 iştirakçı arasında isə 8-ci pillədə qərarlaşıb. Cəlalın komandası Avropa Konfrans Liqasına vəsiqə qazanmaq üçün dörd iştirakçıdan ibarət bu qrupda birinci (7-ci) yeri tutmalıdır. Hazırda bu qrupa məhz ÇSKA 1948 komandası liderlik edir. Bolqarıstan çempionatında mövsümün başa çatmasına isə 2 tur qalıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 32 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: