Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 24-cü turu çərçivəsində keçirilmiş Vratsa “Botev”i ilə oyunun iştirakçısı olub.
“Arda” səfərdə baş tutan bu qarşılaşmadan qələbə ilə ayrılıb – 2:1.
Hüseynov bu görüşə start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib. Mərkəz müdafiəçisi olan azərbaycanlı futbolçu bu dəfə ənənəvi mövqeyində yox, dayaq yarımmüdafiəçisi kimi çıxış edib.
Uzun müddət idi 3 xala həsrət olan “Arda” bu qələbədən sonra ölkə çempionatında 35 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 23 rəsmi oyuna çıxıb, 1 qol vurub.


