Cəlal Hüseynov oynadı, “Arda” ardıcıl 2-ci qələbəyə sevindi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti rəsmi matçına çıxıb.

Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi bu gün Bolqarıstan çempionatının 5-ci turu çərçivəsində keçirilmiş Sofiya “Lokomotiv”i ilə oyunun iştirakçısı olub.

Doğma meydanda baş tutan bu qarşılaşma 1:0 hesabıyla “Arda”nın xeyrinə başa çatıb. Meydan sahibləri 21-ci dəqiqədə hesabı açıblar və bu üstünlüyü sonadək qorumağı bacarıblar. Bu, sözügedən komandanın cari mövsümdəki ardıcıl ikinci qələbəsidir.

Hüseynov bu görüşün 81-ci dəqiqəsində meydana buraxılıb. O, ötən tur da meydana çıxmış və komandasının ilk qələbəsində pay sahibi olmuşdu.

“Arda” 5 turdan sonra 7 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: