Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk görüşünü keçirib.
“Arda” bu mərhələdə Polşanın “Rakov” komandası ilə mübarizə aparıb. Bu komandalar arasında keçirilmiş ilk görüş Polşada baş tutub. Cəlalın komandası səfərdə 0:1 hesablı məğlubiyyətə üzülüb. Start heyətdə meydana çıxmış Hüseynov 90+1-ci dəqiqədə əvəzlənib.
Bu komandalar arasındakı cavab görüşü avqustun 28-də Bolqarıstanda keçiriləcək. “Arda” cütün qalibi ola bilsə, Konfrans Liqasının Liqa mərhələsində iştirak hüququ qazanacaq.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 57 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.


