Cəlal Hüseynov Plovdivdən məyus qayıtdı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 6-cı turu çərçivəsində keçirilmiş Plovdiv “Lokomotiv”i ilə oyunun iştirakçısı olub.

Səfərdə baş tutan bu qarşılaşma “Arda”nın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Meydan sahibləri 69-cu dəqiqədə hesabı açıblar və bu üstünlüyü sonadək qorumağı bacarıblar.

Hüseynov bu görüşün 88-ci dəqiqəsində meydana buraxılıb. Bu, onun Bolqarıstan təmsilçisindəki 3-cü rəsmi matçıdır.

“Arda” 6 turdan sonra 7 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: