Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 13-cü turu çərçivəsində keçirilmiş Sofiya “Slaviya”sı ilə oyunun iştirakçısı olub.
Səfərdə baş tutan bu qarşılaşma “Arda”nın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu, futbolçumuzun komandasının cari mövsümdəki üçüncü məğlubiyyətidir.
Hüseynov bu görüşün ilk dəqiqələrindən meydanda olub və sonadək mübarizə aparıb.
“Arda” 13 turdan sonra 22 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış iki oyunu da var.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 8 rəsmi oyuna çıxıb, 1 qol vurub.


