Cəlal Hüseynovun yeni baş məşqçisi – Nikolay Kirov!

Nikolay Kirov azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstanın “Arda” komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kirov ötən gün istefaya göndərilmiş Aleksandr Tunçevi əvəz edib. 48 yaşlı bolqar mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Nikolay Kirov daha öncə də “Arda”ya rəhbərlik edib. O, 2020-ci ilin aprelindən 2022-ci ilin sentyabrına qədər bu komandanı 51 oyuna çıxarıb. “Arda” bu görüşlərdə 20 qələbə qazanıb, 17 heç-heçə edib və 14 məğlubiyyətə üzülüb.

Kirov məşqçilik karyerası ərzində “Maritsa”, “Spartak” (Plovdiv), “Botev” (Plovdiv), ÇSKA 1948, “Beroe” kimi klublarda da çalşıb. O, sonuncu iş yeri olan “Beroe”dən 2023-cü ilin iyun ayında ayrılandan bəri işsiz idi.

Kirovun baş məşqçi postunda əvəzlədiyi Aleksandr Tunçev isə 2022-ci ilin iyul ayından “Arda”ya rəhbərlik edirdi. 42 yaşlı bolqar mütəxəssis bu komandanı bütövlükdə 64 oyuna çıxarıb. Cəlalın komandası bu görüşlərdə 29 qələbə qazanıb, 14 heç-heçə edib, 21 məğlubiyyətə üzülüb.

“Arda” son olaraq Bolqarıstan çempionatının 22-ci turu çərçivəsində Sofiyada “Levski” ilə qarşılaşıb və 0:4 hesablı məğlubiyyətə üzülüb. Futbolçumuzun komandası 22 turdan sonra 31 xalla 8-ci pillədə qərarlaşıb. Futbolçumuzun komandası növbəti oyununu fevralın 28-də ölkə kuboku çərçivəsində Sofiyanın digər təmsilçisi ÇSKA-ya qarşı keçirəcək. Bu oyun da səfərdə baş tutacaq.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 20 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: